BölmələrRU
Xidmətlər
 

Qalxanabənzər vəz qadınlığa da təsir edir

"Ginekoloji problemlərin yaranmasında qalxanabənzər vəzin disfunksiyası çox mühüm rol oynayır. Çünki, qalxanabənzər vəzi orqanizm üçün çox mühüm hormonlar ifraz edir. Hansı ki, bu hormonlar metabolizmaya birbaşa nəzarət edir”.


Medicina.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının endokrinoloqu Əli İbrahimov qalxanabənzər vəzi disfunksiyası ilə bağlı ortaya çıxan ginekoloji problemlərdən danışarkən deyib.


Endokrinoloq bildirib ki, ginekoloji problemlərin yaranmasında qalxanabənzər vəzin disfunksiyası çox mühüm rol oynayır:
"Ginekoloji problemlər dedikdə, sonsuzluq, dölün inkişafdan qalması, süni abort və vaxtından qabaq doğuşların baş verməsi aid edilir”.

Qalxanabənzər vəzin funksional pozğunluqlarına aid edilən hipertireoz (fəaliyətinin artması) və hipotireoz (fəaliyətinin azalması) haqqında danışan Ə. İbrahimov bu zaman diqqət yetirilməli olan məqamlara toxunub:


"Hipertireoz-qalxanabənzər vəzi hormonlarının həddindən çox ifraz olunmasıdır. Hipertireozun əlamətləri - ürəkdöyüntü, iştahanın artmasına baxmayaraq arıqlama, əzələlərdə zəiflik, saç tökülməsi, əsəbilik, tərləmənin artması, yuxusuzluq, ishal, aybaşı dövrlərinin pozulması, ekzoftalm (gözlərin irəli doğru qabarması), istiyə qarşı dözümsüzlük, libidonun azalmasıdır.


Bəzi hallarda sadaladığımız əlamətlərin heç biri müşahidə edilməsə də, təsadüfi yoxlama zamanı disfunksiya aşkarlanır. Belə hal asimptomatik formada müşahidə edilir.


Hipotireoz - qalxanabənzər vəzi hormonlarının normadan az ifraz olunmasıdır. Hipotireozun əlamətləri isə yorğunluq, halsızlıq, üşümə, diqqət dağınıqlığı, yaddaş zəifliyi, iştahanın azalmasına baxmayaraq çəkinin artması ,dəridə quruluq, saçda quruluq və tökülmə, dırnaqların qırılması, səsin dəyişməsi, qəbizlik, aybaşı dövrünün pozulmaları aid edilir”.


Endokrinoloq onu da vurğulayıb ki, bu simptomlar əhəmiyyət kəsb etsə də, diaqnoz qoymaq üçün kifayət etmir.


"Diaqnozu dəqiqləşdirmək üçün hormonal analiz, ultrasəs müayinəsi və endokrinoloqun baxışı mütləqdir. Müntəzəm olaraq, hər bir insan bu tip yoxlamalardan keçməklə hal-hazırda çox geniş yayılmış olan sonsuzluq və digər ginekoloji problemlərin həllində çox mühüm rol oynaya bilər”.