BölmələrRU
Xidmətlər
 

“O məmurlar psixi xəstədirlər, təcili müalicə lazımdır” - Məşhur psixiatrla MÜSAHİBƏ

"87 yaşlı xəstəm son nəfəsində məni 30 ildir, sevdiyini dedi”

Sumqayıt Psixiatiriya Xəstəxanasının bu ilin oktyabrında işdən çıxan baş həkimi, tanınmış psixiatr Mayıl Tağıyev Medicina.az-a müsahibəsinin davamı:

Əvvəlini BURADAN oxuya bilərsiniz:

-Mayıl həkim, bir qədər də "dəlilik” məsələlərindən danışaq. Doğrudanmı insanların psixikası getdikcə pisləşməyə doğru gedir. Bu qədər stress, depressiyalar, intiharların səbəbi nədir?

-Əslində, ibtidai icma quruluşunda insanlar hansı qanunla yaşayırdılarsa, indi də o qanunlar hökm sürür. İnsanlar sürü kimi yaşayır, sürü psixologiyası ilə idarə olunur. Sürünün içərisində daha çox gücü olanlar seçilir. İnsanın şüurunun inkişafı üçün əmək alətinin kəşfi lazımdır. Amma indi mobil telefonlar, internet, aparatlar, oyunlar kəşf olunur. İnsanlar virtual həyat yaşayır. Bu da depressiyaların kökünü qoyub. Çində, Yaponiyada mobil telefonun təsirindən müalicə üçün xüsusi klinikalar yaradılıb. Bizdə hələ yoxdur, amma gələcəkdə ehtiyac olacaq. Bu dünyada bizdən asılı olan işlər azdır. Hərənin öz biosahəsi var. Biz idarə olunuruq, heç özümüz də bilmirik necə... 

Ağır psixi xəstəliklərin səbəbi hələ dərin araşdırılmayıb. Psixi xəstələrə də münasibət də bizdə yaxşı deyil. İnkişaf etmiş ölkənin 3 göstəricisi var: 

1. Ruhi xəstəyə münasibət yaxşı olmalıdır.
2. Kanalizasiya sistemi ideal olmalıdır
3. İstifadə edib bitmiş materialların, zibilin düzgün utirilizasiyası. 

Bu 3 sahə ölkədə inkişaf etmiş olarsa, o millət də yüksək səviyyədə olacaq. 

Depressiya niyə əmələ gəlir?  İnkişaf intensivdir, çox sürətlidir, beyin çatdırmır, beyin boğulur və intoksikasiya başlayır.  Amma təslim olmaq olmaz. Təslim oldunsa, uduzdun.   Hər insanın içində öz özü ilə konflikti olur. Konfliktsiz həyat yoxdur. İnsanı təkamülləşdirən konfliktlərdir. Bundan qorxmaq lazım deyil.  Sakit, qorxusuz yalnız meyit ola bilər. 

-El arasında deyirlər ki, əgər sağlam adamın qəfildən beyni pozulursa, onda ona ruh toxunub, cin girib. Sizcə, həqiqətənmi insana kənar qüvvələr təsir edir?

-Yox.  Hər şey intoksikasiyadan baş verir. Mən psixiatrik klinikada gənc qadın, qızların yerini ayırmışdım ki, o biri ağır xəstələri görməsinlər. Hamiləlik zamanı güclü intoksikasiyadan psixi pozuntular çox baş verir. 

Uşaq vaxtı çox olub meşədə qalmışam. Bizdə "Cinli dərə” var idi. Bəzən qaranlıq meşədə nəsə görürdüm, səslər eşidirdim. Bunlar hamısı insanın öz daxilindən gəlir. Kənar heç nə yoxdur. Müqəddəs pirlər, beşbarmaq, ocaqlar var, insanlar ora gedib sakitləşir. Bu da bir növ psixoterapiyadır.
 


-İnsanın psixikası güclü qorxudan pozulur?

-Bəli, qorxu, güclü dəyişkənlik yaradır. Hələ biz ətrafımızda olan qıcıqların 5 faizini qəbul edirik. Lazer şüaları, maqnit, cazibə, infraqırmızı şüalar, ultrasəs –  bunları hiss etmirik. Beyin bunları duysa, insan üçün çətin olar. Amma dahi, seçilmiş insanlar olur ki, onlar adi insan beyninin duya bilmədiyi bəzi siqnalları tutur. Dahiliyin bir tərəfi dəlilikdir. Əslində, ağlı yüksək səviyyədə olan insanlar dəli olurlar. 

 Məhəmməd peyğəmbər də epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Konfutsi, Sezar, başqa bir çox alimlər, fövqəlbəşər şəxsiyyətlər - əslində, çox ağıllı, lakin insanların gözündə dəli idilər. Epilepsiya xəstəliyinin adı qədimdə Müqəddəslik xəstəliyi olub. Beynin dərin qatları oyanır, adi insanın qəbul edə bilmədiyi qıcıqları, siqnalları qəbul etmək olur. 

Siz yuxu görürsüz, lap yaxşı... Yuxu görmək yaxşı şeydir. Sürətli yuxu fazası beyni dincəldir. Mənim bir yarımçıq elmi işim var: yuxu ilə bağlı. Bəzən çox dəhşət dolu yuxular görürük, kimsə bizi qovur, öldürür, qaçırıq, qorxuruq. Yuxudan hövlnak ayılırıq, şükür edirik ki, yuxu imiş və qorxumuz keçib gedir. Ani olaraq beyin bir vəziyyətdən digərinə keçir və bu keçid fəsadsız olur. Deməli, mexanizm var. Bunu tapmaq lazımdır. Necə olur ki, yuxuda dəhşətli qorxunu yaşayır, amma psixikası pozulmur. Bu mexanizmi kəşf edə bilsək, çox psixi xəstəlikləri müalicə edə bilərik. Bunun üzərində də işləmişəm, davam etdirəcəyəm. Bir maraqlı məqam da var: Şizofreniya xəstələrində nə hepatit C olur, nə də xərçəng. Bu da bir möcüzədir, mexanizmi tapılmayıb. Amma vərəm olurlar. O da az hərəkətlilikdən, qapalı otaqda qalmaqdan yaranır. 

-Haqqınızda deyirlər ki, çox üsyankardır, adi tənqidi qəbul etmir. Yəni yola vermirsiz. Buna görə 30 illik vəzifənizdən, işinizdən bir göz qırpımında imtina etdiz. 

-3 cür insan tipi var:  islahatçılar, konservantlar, protestantlar. Əgər sən içində  üsyan edirsənsə, onu büruzə vermirsənsə, bu sənin bütün qan-damar, ürək, həzm, sinir sisteminə fəsadlar verir. Bunların müalicəsinə daha çox xərc lazım olur. Yaxşısı budur, ürəyində saxlamayıb deyəsən, onun fəsadları daha ucuz başa gəlir (gülür). Mən 38 il baş həkim işləmişəm, kifayət qədər işlər görmüşəm. İndi də insanlar məni yolda, bazarda görəndə qarşıma yürüyürlər. O gün bir pasiyentim məni qucaqlayıb ağladı ki, bəs eşitdim çıxmısız, o xəstəxana, xəstələr necə olacaq sizsiz. Düzü, məni də kövrəltdi. İşim üçün yox, kollektiv, pasiyentlər üçün darıxıram. Amma şükür, Sumqayıtdayam, klinikamdayam, xəstələri qəbul edirəm və bura ilə bağlı çox böyük ideyalarım var. Antikrizis mərkəzi layihəmi reallaşdıracam. Çox ölkələrdə belə krizis var, depressiya, nevroloji səbəblərdən halı pis olan xəstələri təcili yardım birbaşa o mərkəzə gətirir və xəstə həmin vəziyyətdən çıxarılır.

-Bəs siz heç depressiyaya düşmürsüz? Axı sizə qarşı da çox haqsızlıqlar olub... 

-Mənim də öz depressiyam olur. Sadəcə, baxıram mənə qarşı kim kobudluq edir, kim məni incitmək istəyir. Qarşımdakı mənə qarşı pis olarsa, ürəyimdə deyirəm ki, İlahi şükür ku, bu hələ belə yaranıb, başqa cür yaransaydı, gör nələr olardı. Dərhal da beynimi format edirəm ki, o adamın sözü, fikri məndə qalmasın. İnsanın xilası, missiyası səbrdir. Səbrlə hər iş düzəlir. Bu dünyada heç nə bizim deyil: nə ev, nə iş, nə pul, nə də bu bədən...  

-Ölkənin, insanların hazırki psixiatrik mənzərəsi necədir? Nələr dəyişib, hansı təhlükələr var? Hansı islahatları aparmaq istərdiz? 

-Hazırda vəziyyət çox qarışıqdır, nəinki bizdə, bütün dünyada. Yeni-yeni xəstəliklər yaranır. Nevrozlar, psixozlar, depressiyalar çoxdur. Əvvəlki bəzi xəstəliklər  isə yoxa çıxıb: məsələn katataniya.  Elə adam var yüksək vəzifədədir, amma psixi xəstədir.  Buna deyirlər ki, sən ərköyünsən, yekəxanasan. Guya, məmur xəstəliyidir. Amma yox. O, nevroloji xəstədir ki, bəzi hərəkətləri edir: kimisə vurur, söyür. Onu müalicə etmək lazımdır. Düzdür, pasiyentlərim içində məmuru da var, deputatı da, məşhur insanı da. Onlar çox vaxt özləri haqqında yüksək fikirdə olmaqdan əziyyət çəkir, qorxuları da çox  olur. 

İnsan 2 hissədən ibarətdir: maddi və ruhi  hissə. Mədənin aşağısında düz mərkəzdə Günəş kələfi var. Ora qədər ruh, mənəviyyatdır. Ordan aşağı maddi hissədir: yediklərimiz ifraz olunur. Bunların işini tənzimləmək lazımdır. O da beyindən idarə olunur. Əgər öd kisəsi sıradan çıxırsa, daş əmələ gəlirsə, onu kəsib götürürlər, bu o demək deyil ki, xəstə sağaldı. Xeyr, o ödün daşlaşmasının səbəbi beyindədir. Həmçinin şəkər xəstələri. Siz axırıncı dəfə nə vaxt psixiatra getmisiz? Hələ də psixiatra dəli həkimi kimi yanaşırsız.  Bu gün həkimlər  də insanları çox qorxudur. Düz gözünün içinə deyir ki, ə sən raksan, 1 aya öləcəksən. O xəstə sağalarmı? Xeyr, o xəstə artıq öldü.  

Bir xalqı məhv etməyin 2 yolu var: savadsız həkim və savadsız müəllim hazırlamaq. Biri milləti mənəvi şikəst edəcək, digəri fiziki. Vəssəlam. O xalqdan əsər-əlamət qalmayacaq. 

Çox böyük proqramlar olmalıdır: tibbi sığörta, psixiatrik müəssisələrin müasirləşdirilməsi, ailə sağlamlığı və s. 

Ailənin ən ciddi istehsalatı uşaq dünyaya gətirməkdir. Biz buna ən sonda diqqət yetiririk. Uşağın sağlamlığını ana bətnində və hətta ana bətninə düşməzdən öncə düşünməliyik. İnsanlar ciddi xəstəliklərlə evlənir. Son zamanlar autizm artıb. Əvvəl heç autizm nədir, həkimlər bilmirdi. Bunun da bir səbəbi keyser əməliyyatlarının artmasıdır. Bütün bu səbəblər araşdırılmalı, tədbirlər görülməlidir. Psixiatrlar, həkimlər, psixoloqlar – hamı bu tədbirlərə cəlb olunmalıdır.
 
Azərbaycan ağır yod çatışmazlığı olan ölkələrdən biridir.  Bizim qadınların 90%-də yod çatmır, hiperplaziya, zob, anemiyaya meyillilik var. Bunlar üçün dövlət proqramları olmalıdır. 

Son zamanlar həkimlərə qarşı mənfi kampaniyalar aparılır. İnsanlar həkimlərimizdən qorxur. Bu işlər Səhiyyə Nazirliyi tərəfindən nizama salınmalıdır. 
 


-Dediniz ki, pasyentləriniz arasında tanınmış adamlar, məmurlar var. Bəs bu vaxta kimi ən yadda qalan pasiyentiniz kim olub?

-İlk əvvəl narkoloq kimi işləyirdim. Bir gürcü alkoqolik gəldi yanıma. Bunda şərti refleks yaratmaq metodunu tətbiq etdim. Xüsusi poroşok var idi, içdiyini qaytarır, içkiyə qarşı ikrah hissi yaranırdı. Gürcü də irigövdəli, sağlam adam idi. Bunu içirtdik, iynəni vurdum qusmadı, dozanı artırdım qaytarmadı. Nə illah etdim, təsir etmədi. Nəsə bunu yola saldım. Bu arvadı ilə trolleybusda gedəndə birdən bunu qusma tutur, qaytarıb sərnişinlərin üstünə. Adamlar tutub bunu tullayıb küçəyə. Evə gəlib evdə də komatoz vəziyyətə düşüb. Bir də gördüm arvadı hay salıb məni axtarır. Mən də özümü yetirib, o vaxtın iri şüşə şprisləri var idi, ondan götürüb ürəyinə sancdım ki, ölməsin. Düzü çox qorxmuşdum ki, birdən ölər. 

Maştağada bir xəstə yatırdı, mənim də pasiyentim olub.   Müharibədən sonra psixikası pozulmuşdu, o xəstə rusca danışırdı . Ölümünə yaxın azərbaycanca danışmağa başladı, hər şey yadına düşdü: mən baklılıyam, evim filan yerdədir, qohumlarım var. Gedib baxıblar, görüblər həqiqətən də düz deyir. Halbuki 30 il heç nə deməmişdi. İnsan ölənə yaxın şüuru aydınlaşır. 

87 yaşlı bir xəstəm var. Bu yaxında çağırdı məni. Dedi ki, etiraf etmək istəyirəm ki, mən sizi sevirdim. 37 il əvvəl bizdə yatıb, onda 50 yaşı var idi. Deyir, bunu deyə bilmirdim, əzab çəkirdim. Mən də dedim çox gözəl, mən də sizi çox istəyirəm. 

-Ölümdən qorxursuz?

-Ölüm təbii haldır. Mən elə bilirəm, yatacam və ayılmayacam.  Mən çox əməliyyatlar keçirmişəm, zobdan da əməliyyat olmuşam. Ürəyimdə problem var. Deyirlər ki, gəl anjue edək, getmirəm. Mənim ürəyimin vurğularının sayı genetik kodumda əvvəldən hesablanıb. Son vurğunu nə vaxt vuracaqsa, onda da dayanacaq. Nə istəyirsən elə, xeyri yoxdur. Amma sağlam həyat tərzi keçirmək lazımdır. İnsanların arxasınca danışmaq özü insanı xəstələndirir. Mənə elə gəlir ki, çətin ölüm, uzun müddət yataqda olmaq insanın günahlarının cəzasıdır. 

-Bəs o dünya: Cənnət, Cəhənnəm? 

-O dünya elə bu dünyadır. O dünya əməllərdir. Əməl yaxşı olarsa, adınız, xatirəniz yaşayacaq. 

-Bəs insan öləndən sonra hara gedir, tamam itir?

-Kosmosa. Enerji olaraq, mikroenerji olaraq mənbəyimizə qayıdırıq. Ömər Xəyyamın bir risaləsi var: gözəl xanım əlində piyalə gəlir, piyalənin içində mey. Piyalə əlindən düşüb sınır və dilə gəlir: Mən də sənin kimi gözəl idim bir zamanlar, bu günə qaldım. Yəni mən də insan idim, öldüm, basdırıldım, torpağa qarışdım, o torpaqdan piyalə yarandı. 

Bu dünyada hər şey müvəqqətidir, keçərdir, hər şey gözləniləndir. Heç nəyə təəccüblənmək lazım deyil. Gəliblər-gediblər, gəlmişik – gedəcəyik. 

Aygün Musayeva
Medicina.az