BölmələrRU
Xidmətlər
 

Azərbaycanda inyeksiya üçün allergik sınaq düzgün qoyulmur – Həkimlər səhv “problara” qarşı

Azərbaycanda Sovet illərindən qalan tibbi metod hələ də çox həkimlər, tibb bacıları tərəfindən həyata keçirilir. Ağır inyeksiya və antibiotiklərdən öncə xəstəyə həmin antibiotikin düşüb –düşməyəcəyini təyin etmək üçün allergik sınaq qoyulur: iynədən bir az vurub, 15 dəqiqə gözləmək. 15 dəqiqə sonra xəstədə əks reaksiya olmursa, rahatlıqla inyeksiya olunur.
 
  Lakin təcrübədə çox olub ki, həkim və ya evdə tibb bacısı inyeksiyanı edib getdikdən sonra xəstənin halı pisləşib, şok yaşayıb və xəstəxanaya ağır vəziyyətdə çatdırılıb. Bu ona görə baş verir ki, allergik slnaq tezləşmiş reaksiyanı göstərir, gecikmiş reaksiyanı yox. Bu isə o deməkdir ki, dərman xəstədə 15 dəqiqəyə yox, bir neçə saat sonra da  əks təsir yarada bilər. Ona görə qısamüddətli probun qoyulmasının bir önəmi qalmır.
Həkim kardioloq Zaur İslamovun bu mövzu barədə açıqlamasını təqdim edirik:

"Postsovet ölkələrindən başqa dünyada heç bir yerdə prob bu üsulla qoyulmur.  Beynəlxalq səhiyyə təşkilatı bu metodu qəbul etmir. 
Sovet tibb təcrübəsinin psixologiyası belə idi ki, allergik sınaq zamanı xəstəyə cüzi miqdar doza verildiyində, əgər şok verərsə, xəstəni vəziyyətdən çıxarmaq daha asan olacaq.

Dünya səhiyyəsinin nəzəriyyəsinə görə isə, istər cüzi, istər çox miqdar olsun, allergik reaksiya olacaqsa olacaq və xəstəni həmin vəziyyətdən çıxarmaq eyni dərəcədə çətindir. 

Probu təkcə allerqoloq qoya bilər, o da stasionarda. Onun əlinin altında şoka qarşı vasitələr olmalıdır. Bizdə sınaqlar düzgün qoyulmur, dünya standartlarına uyğun deyil. Evdə tibb bacısının xəstəyə ağır inyeksiya preparatını vurması həyat üçün təhlükəlidir. Ümumiyyətlə, prob qoyulması isə sensibilizasiyanı daha da artırır. 60-cı illərdən qalma metodlardan həkimlərimizin əl çəkmə vaxtı yetişib”.